Azərbaycan və Özbəkistan geoloji-kəşfiyyat işlərinin aparılması üçün birgə müəssisənin yaradılması barədə saziş imzalayıb.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazirin sözlərinə görə, sənəd Azərbaycan nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində keçirilən Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası zamanı imzalanıb.
Görüşdə tərəflər ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı, eləcə də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal zəncirlərinin yaradılması məsələlərini müzakirə ediblər.
İclasın yekununda iqtisadiyyat və ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə, ekologiya və digər prioritet sahələrdə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.
Bundan əlavə, AzerGold, “Özbəkgeologiyakəşfiyyat” ASC və Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti geoloji-kəşfiyyat işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılması barədə saziş bağlayıblar.

