Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 11-də Daşkənddə Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb.
Nazirlər Kabinetindən Den.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi məmnunluqla vurğulanıb. Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı dövlət səfərləri zamanı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı yeni istiqamətlərin müəyyən edildiyi bildirilib.
Dövlət başçıları tərəfindən verilən tapşırıqların icrasının təmin olunması üçün hökumətlər xətti ilə sıx işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Cari ilin Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ötən dövr ərzində dövlətlərarası münasibətlərin ardıcıl şəkildə hərtərəfli inkişaf etdiyi məmnunluqla qeyd olunub. Ali səviyyədə qarşılıqlı səfərlər və görüşlər, bu səfərlər zamanı imzalanmış ikitərəfli sənədlər bu uğuru təmin edən əsas amil kimi dəyərləndirilib.
Son üç ildə ali səviyyədə on qarşılıqlı səfər baş tutduğu – prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin hər birinin beş səfər etdiyi məmnunluqla xatırlanıb. Diqqətə çatdırılıb ki, dövlət başçılarının ardıcıl birgə səylərinin məntiqi nəticəsi olaraq 2024-cü ildə Müttəfiqlik Münasibətləri haqqında tarixi Müqavilə imzalanıb. Eyni zamanda, Özbəkistan Prezidentinin yaxın zamanlarda ölkəmizə növbəti dəfə səfər edəcəyi vurğulanıb. Azərbaycanın və Özbəkistanın regional, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətinə toxunularaq, qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq xüsusi qeyd edilib.
İqtisadi-ticari əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib. Bildirilib ki, 2024-cü ildə qarşılıqlı ticarət 41 faiz artıb. Ötən ilin eyni dövrü ili müqayisədə cari ilin birinci rübündə ticarət dövriyyəsi üç dəfəyə yaxın çox olub.
İyunda Azərbaycanda Birgə hökumətlərarası komissiyanın 14-cü iclasının keçiriləcəyi diqqətə çatdırılıb. İqtisadi-ticari və investisiya əməkdaşlığının genişləndirilməsinə dair 2024-2025-ci illər üçün Yol xəritəsinin icrasının uğurla davam etdirildiyi vurğulanıb.
Sevindirici haldır ki, birgə layihələrlə bağlı əldə edilmiş razılaşmaların praktiki icrası təmin olunur.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun xətti ilə hazırda 10-dan çox perspektivli layihənin nəzərdən keçirildiyi diqqətə çatdırılıb. Bu layihələr təhsil, tikinti materiallarının istehsalı, toxuculuq sənayesi, logistika, yüngül və yeyinti sənayesi sahələrini əhatə edir.
Sənaye kooperasiyasında səmərəli qarşılıqlı fəaliyyətin nəticələri təqdir edilərək bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi planlarına dair fikir mübadiləsi aparılıb.
Bərpaolunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək, Azərbaycanın Özbəkistan və Qazaxıstanla birgə Avropaya yaşıl enerji təchizatı marşrutunun yaradılmasını hədəflədiyi məmnunluqla qeyd edilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə bəhs olunub. Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin inşasına görə Özbəkistan tərəfinə minnətdarlıq bildirilib. Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin açılışının önəmi qeyd olunub.
Söhbət zamanı, həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. İki ölkə arasında tranzit daşımalarının 2024-cü ildə 18 faizdən çox artdığı bildirilib. Orta Dəhlizin əhəmiyyəti vurğulanaraq, Özbəkistan tərəfi bu dəhlizin imkanlarından daha fəal istifadəyə dəvət olunub.
Bununla yanaşı, gəmiqayırma sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Humanitar və mədəni sahələrdə əlaqələrin nəticələri təqdir olunub. 2023-cü ildə Bakıda Özbəkistanın Mədəniyyət Günləri, ötən il isə Özbəkistanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirildiyi xatırlanıb.
Regionlararası əlaqələrin əhəmiyyətinə toxunularaq iki ölkənin 10 şəhəri arasında qardaşlaşma haqqında sənədlərin imzalanması müsbət qiymətləndirilib.
Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Pambıqçılıq klasterlərinin yaradılması, sosial və kommersiya obyektlərinin inşası, tikinti materiallarının istehsalı, neft-qaz sənayesi, kənd təsərrüfatı, maliyyə sektoru, nəqliyyat-tranzit, gəmiqayırma, təhsil və bir sıra digər istiqamətlərdə perspektivli layihələr nəzərdən keçirilib.