Orta Dəhliz — Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu oktyabrın 6-da Bakıda keçiriləcək Almaniya–Azərbaycan bağlantı konfransının əsas mövzusu olacaq.
Bu barədə Azərbaycan–Almaniya Xarici Ticarət Palatası məlumat yayıb.
Bildirilib ki, tədbir Azərbaycan hökuməti ilə birgə təşkil olunur və infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrinə investisiyaların cəlb edilməsinə həsr olunacaq.
Palatanın məlumatına görə, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında əlverişli coğrafi mövqeyi, eləcə də Orta Dəhlizin inkişafında oynadığı mühüm rol Azərbaycan və Almaniya biznesi arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Əməkdaşlığın əsas istiqamətləri sırasında liman və dəmir yolu infrastrukturunun inkişafı, rəqəmsal logistika həllərinin tətbiqi, dayanıqlı təchizat zəncirlərinin təkmilləşdirilməsi və tranzit daşımaların müddətinin azaldılması göstərilib.

