“Prezident İlham Əliyevin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı Azərbaycanın çoxvektorlu xarici siyasətinin, Avrasiya məkanında artan strateji rolunun və regional əməkdaşlığa verdiyi önəmin növbəti təsdiqidir”.
DenMedia.az xəbər verir ki, bu sözləri Globalinfoya-a deputat Elçin Mirzəbəyli Prezident İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib:
O bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi xəritənin sürətlə dəyişdiyi bir zamanda Azərbaycanın belə platformalarda fəal iştirakı ölkənin maraqlarının təmin olunması, yeni iqtisadi imkanların əldə edilməsi və regional təhlükəsizlik arxitekturasına töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu səfər həm də Azərbaycan–Çin münasibətlərinin strateji xarakterini daha da gücləndirməklə yanaşı, Azərbaycanın ŞƏT çərçivəsində gələcək rolu barədə yeni müzakirələr üçün zəmin yaradıb.
Şanxay Əməkdaşlıq Təşkilatı son onilliklərdə Asiya məkanında ən nüfuzlu siyasi, iqtisadi və təhlükəsizlik platformalarından birinə çevrilib. 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə təsis olunan bu təşkilat hazırda Hindistan, Pakistan və İranın da üzvlüyü ilə daha geniş bir coğrafiyanı əhatə edir. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsi, regional sabitliyin təmin edilməsi, ticarət-iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişafıdır. Eyni zamanda, ŞƏT terrorizm, separatizm, ekstremizm və narkotik ticarəti kimi transsərhəd təhlükələrlə mübarizədə də mühüm rol oynayır. Çinin təşəbbüsü ilə irəli sürülən “Bir kəmər, bir yol” layihəsi ilə paralel şəkildə ŞƏT-in fəaliyyəti nəqliyyat-logistika və enerji əməkdaşlığının dərinləşdirilməsi baxımından yeni imkanlar açır.
Azərbaycanın ŞƏT ilə əməkdaşlığı təşkilatın yaranma dövründən diqqət mərkəzində olub. Xəzər və Qara dəniz arasında strateji mövqedə yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və enerji dəhlizlərinin açar ölkəsidir. Hazırda Azərbaycanın təşkilatdakı rəsmi statusu “dialoq tərəfdaşı”dır. Bu status Bakıya təşkilatın fəaliyyətində iştirak etmək, əməkdaşlıq istiqamətlərində yeni təkliflər irəli sürmək və ŞƏT üzvləri ilə əlaqələri daha da genişləndirmək imkanı verir. Son illər Azərbaycanın təşkilatın iclas və forumlarında fəal iştirakı ölkəmizin Avrasiya məkanında artan çəkisinin göstəricisidir.
Bu baxımdan, Prezident İlham Əliyevin Tiencində Zirvə Toplantısında iştirakı Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini nümayiş etdirir. Çin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqil siyasətinə daim dəstək göstərib. Bakı isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk gündən dəstəkləyib və onun Avropaya çıxışında əsas tranzit həlqələrdən birinə çevrilib. İkitərəfli münasibətlərdə siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Azərbaycan Çinin Cənubi Qafqaz regionunda əsas tərəfdaşı kimi çıxış edir və strateji infrastruktur layihələrində Pekinlə sıx əməkdaşlıq edir”.
E.Mirzəbəyli deyib ki, Azərbaycan–Çin əməkdaşlığının ən mühüm istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir:
“Bu baxımdan, Orta Dəhliz və Zəngəzur dəhlizləri xüsusi strateji əhəmiyyət daşıyır. Orta Dəhliz – yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan , Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanır. Bu marşrut Çin mallarının Avropaya ən qısa və təhlükəsiz daşınma yoludur. Orta Dəhliz Qərb–Şərq istiqamətində nəqliyyat yükünü 15-20 günə çatdırmaqla, Süveyş kanalından keçən ənənəvi marşrutdan iki dəfəyə yaxın daha sürətli xidmət göstərir. Azərbaycanın dəmir yolu və liman infrastrukturuna etdiyi sərmayələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, genişləndirilmiş dəmir yolu xətləri – Orta Dəhlizin dayanıqlı işləməsini təmin edir.
Orta Dəhlizin iqtisadi perspektivləri həm Azərbaycan, həm də Çin üçün böyük əhəmiyyət daşıyır. Çin Avropaya çıxışda daha etibarlı və şaxələndirilmiş yol qazanır, Azərbaycan isə tranzit ölkə kimi əlavə gəlir əldə edə bilir. Dünya Bankının hesablamalarına görə, 2030-cu ilə qədər Orta Dəhlizlə daşınacaq yüklərin həcmi dəfələrlə artaraq 20-25 milyon tona çata bilər. Bu isə Azərbaycanın nəqliyyat sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması və qeyri-neft ixracının artması deməkdir. Orta Dəhliz eyni zamanda ölkəmizin geosiyasi çəkisini gücləndirərək onu Avrasiya ticarət xəritəsinin ayrılmaz hissəsinə çevirir.
Elçin Mirzəbəyli
Zəngəzur dəhlizi də Azərbaycan –Çin əməkdaşlığında yeni imkanlar açır. Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı, daha sonra isə Türkiyəni birləşdirəcək bu dəhliz təkcə regional deyil, qlobal nəqliyyat şəbəkəsinin bir parçasına çevrilə bilər. Çin üçün bu marşrut Orta Dəhlizin səmərəliliyini artırmaqla yanaşı, “Bir kəmər, bir yol” təşəbbüsünün Cənubi Qafqaz üzərindən daha geniş inteqrasiyasını təmin edəcək. Zəngəzur dəhlizi vasitəsilə Asiya ilə Avropa arasındakı tranzit xərcləri azalacaq, daşımaların sürəti artacaq və region ölkələrinin iqtisadi inteqrasiyası dərinləşəcək. Azərbaycanın təşəbbüsü ilə reallaşacaq bu layihə həm də regionda yeni əməkdaşlıq modelinin əsasını qoya bilər.
Azərbaycan üçün ŞƏT-in əhəmiyyəti təkcə iqtisadi imkanlarla məhdudlaşmır. Təşkilat üzv və tərəfdaş ölkələrin təhlükəsizlik məsələlərində əməkdaşlığını da nəzərdə tutur. Azərbaycan terrorizmə, separatizmə və narkotik ticarətinə qarşı mübarizədə kifayət qədər təcrübəyə malikdir. Bu təcrübənin ŞƏT çərçivəsində paylaşılması həm Azərbaycanın beynəlxalq nüfuzunu artırır, həm də regional sabitliyə töhfə verir. Rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, yaşıl enerji və innovasiya sahələrində də ŞƏT üzv dövlətləri ilə əməkdaşlıq Azərbaycanın prioritetlərindəndir”.
Deputat qeyd edib ki, Azərbaycanın gələcəkdə ŞƏT-də tamhüquqlu üzv kimi təmsil olunması real perspektivlərdən biridir:
“Üzvlüyün üstünlükləri bir neçə istiqamətdə özünü göstərə bilər. Birincisi, siyasi baxımdan bu, Azərbaycanın çoxvektorlu siyasətinə əlavə dəstək olar, ölkəmizin həm Mərkəzi Asiya, həm də Cənubi Asiya dövlətləri ilə əlaqələrini daha da gücləndirər. İkincisi, iqtisadi baxımdan Azərbaycanın ŞƏT çərçivəsində ticarət, nəqliyyat və enerji layihələrinə daha geniş çıxışı təmin olunar. Bu, yeni bazarlara inteqrasiya, qeyri-neft sektorunun inkişafı və ixrac imkanlarının genişlənməsi deməkdir. Üçüncüsü, təhlükəsizlik sahəsində üzvlük Azərbaycanı regional və qlobal çağırışlara qarşı daha sıx əməkdaşlıq imkanları ilə təmin edər. Nəhayət, humanitar sahədə üzvlük Azərbaycan və ŞƏT ölkələri arasında təhsil, mədəniyyət və turizm mübadilələrinin artmasına xidmət edər.
ŞƏT-də üzvlük Azərbaycanın beynəlxalq mövqeyinə yeni strateji dəyər qazandırar. Çinin və digər üzv ölkələrin Azərbaycanın ən azı müşahidəçi statusunda, gələcəkdə isə üzv qismində iştirakını dəstəkləməsi bu perspektivi daha da real edir. Bu, Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinin əsas həlqələrindən biri kimi rolunu möhkəmləndirər, eyni zamanda ŞƏT-in Avropa ilə Asiya arasında yerləşən strateji tranzit ölkəsi olaraq Azərbaycana xüsusi əhəmiyyət verməsinə səbəb olar.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Tiencində keçirilən Zirvə Toplantısında iştirakı Azərbaycanın Çinlə strateji tərəfdaşlığını daha da möhkəmləndirir, ŞƏT çərçivəsində gələcəkdə daha fəal iştirakına zəmin yaradır və Azərbaycanın Avrasiya məkanında artan rolunu bir daha təsdiqləyir. Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycan–Çin əməkdaşlığının iqtisadi dayaqlarını gücləndirir, ŞƏT-də potensial üzvlük isə Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik imkanlarını genişləndirir. Beləliklə, Azərbaycan qarşıdakı illərdə Avrasiya qitəsinin mərkəzində yerləşən strateji oyunçu kimi çıxış edərək regionun inkişafına və qlobal əməkdaşlığa öz töhfəsini daha da artırmaq imkanı qazanır”.