ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli A7 beynəlxalq ödəniş şəbəkəsini sanksiya siyahısına daxil edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumatda bildirilib.
Nazirlik açıqlamasında A7 Network şəbəkəsinə qarşı misli görünməmiş tədbirlər görüldüyünü qeyd edib.
ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, Rusiya ilə əlaqəli ödəniş şəbəkəsindən İranın beynəlxalq sanksiyalardan yayınması üçün istifadə olunub.
Vaşinqton A7 Network-ü əhəmiyyətli transmilli cinayət təşkilatı kimi sanksiya siyahısına daxil edib.
Bununla yanaşı, ABŞ-ın Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsi (FinCEN) A7 ilə əlaqəli vasitəçi şirkətlər üzərindən maliyyə əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutan yeni qayda təklif edib.
ABŞ Maliyyə Nazirliyi İranın avtomobil və dəmir yolu sektorlarına qarşı da yeni məhdudiyyətlər tətbiq edib.
Sanksiyalar İranın avtomobil istehsalçılarını, dəmir yolu şirkətlərini və bu sahələrlə əməkdaşlıq edən xarici müəssisələri əhatə edir.
Sanksiya siyahısına Çin, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Türkiyə və İndoneziyada fəaliyyət göstərən şirkətlər, eləcə də metallurgiya müəssisələri ilə əlaqəli iki İran vətəndaşı daxil edilib.
ABŞ tərəfi yeni məhdudiyyətlərin İranın beynəlxalq maliyyə əməliyyatları vasitəsilə sanksiyalardan yayınmasının qarşısını almağa yönəldiyini bildirib.

