ABŞ İranın “Mahan Air” aviaşirkətinin fəaliyyətinə dəstək göstərməkdə ittiham etdiyi Rusiyanın “AirCargoPro” logistika şirkətinə qarşı sanksiya tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, yeni məhdudiyyətlər ümumilikdə bir fiziki şəxs və beş şirkəti əhatə edir. Siyahıya Rusiya şirkəti ilə yanaşı, Çin, Hindistan və Türkiyədən olan kommersiya qurumları da daxil edilib.
Vaşinqton bildirir ki, sanksiyaya məruz qalan bəzi şirkətlər ABŞ və Avropa İttifaqının daha əvvəl sanksiya tətbiq etdiyi “Mahan Air” üçün baş satış agenti kimi fəaliyyət göstəriblər.
ABŞ tərəfinin iddiasına görə, “Mahan Air” İran İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətinə yardım edir, o cümlədən “Qüds” qüvvələrinin əməkdaşlarını daşıyır, pilotsuz uçuş aparatları və silahların alınması və daşınmasına dəstək verir.
Yeni sanksiya siyahısına həmçinin Çin vətəndaşı, “Shanghai Wings International Logistics”, Hindistanın “Skiez Travels and Logistics”, “Dadenegar Startup Studio” və Türkiyənin “Cagri Duransoy” şirkəti daxil edilib.

