İraqın Neft Daşıma Şirkəti son 20 ildə ilk dəfə olaraq supertankerlə 2 milyon barel xam nefti Hörmüz boğazından kənara daşıyıb.
INA agentliyinin məlumatına görə, bunu şirkətin baş direktoru Əli Qeys açıqlayıb.
“Şirkət ilk dəfə olaraq VLCC tipli böyük tutumlu tanker təmin etməyə nail olub. Tankerə 2 milyon barel xam neft yüklənərək Hörmüz boğazından kənara daşınıb”, – deyə məlumatda bildirilib.
Əli Qeysin sözlərinə görə, bu daşınma üsulu İraqın dövlət neft marketinq şirkəti SOMO-ya xam neftin satışı və daha əlverişli qiymətlərlə təklif olunması baxımından əlavə imkanlar yaradacaq.
Bundan başqa, ölkə rəhbərliyi xam neftin daşınması üçün ixtisaslaşmış tankerlərin alınması imkanlarının qısa müddətdə araşdırılmasını tapşırıb.
Məqsəd İraqın neft daşıma şirkətinin region ölkələrinin analoji şirkətləri ilə rəqabət imkanlarını artırmaqdır.

