Fransanın özəl analitik mərkəzi Rexecode ölkənin iqtisadi çətinliklərini xarakterizə etmək üçün “FROGS” abreviaturasını təqdim edib.
Bu barədə BFMTV məlumat yayıb.
“FROGS” ingilis dilindən “qurbağalar” kimi tərcümə olunur. Eyni zamanda bu abreviatura French Oversized Government and Social Security ifadəsinin qısaldılmış formasıdır və “Fransanın həddindən artıq böyümüş dövlət aparatı və sosial təminat sistemi” mənasını verir.
Söhbət, xüsusilə, dövlət maliyyəsi və sosial təminat sistemindəki problemlərdən gedir.
Daha əvvəl Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard Fransanın dövlət borcunun ÜDM-in təxminən 120 faizinə yaxınlaşdığını, hakimiyyətin isə borcun artımını məhdudlaşdırmaq üçün aydın plana malik olmadığını bildirmişdi.
Mənbənin məlumatına görə, Fransanın büdcə kəsiri ÜDM-in 5,4 faizini təşkil edir. Ölkə artıq bir neçə aydır ki, bəzi qonşularından daha yüksək faizlə borclanır.
Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi ötən həftə təxminən 5 faizə yaxınlaşıb, daha sonra 4,74 faiz civarına geriləsə də, Portuqaliya, İtaliya, Yunanıstan və İspaniyanın göstəricilərindən yüksək olaraq qalıb.

