ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlər siyahısına 6 fiziki şəxs, 27 şirkət və 22 gəmi daxil edilib.
Yeni sanksiyalar Vaşinqtonun İran hakimiyyətinin gəlir mənbələrini və ABŞ məhdudiyyətlərindən yayınmaq üçün istifadə edilən sxemləri hədəf alan “Economic Outcast” əməliyyatı çərçivəsində tətbiq olunub.
Yeni sanksiya paketinin mühüm hissəsini İranın “kölgə donanmasına” daxil olduğu bildirilən 17 gəmiyə qarşı məhdudiyyətlər təşkil edir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, həmin tankerlər milyonlarla barel İran nefti, neft məhsulları və neft-kimya məhsullarını Cənubi və Şərqi Asiya bazarlarına daşıyıb.
Vaşinqton hesab edir ki, yeni tədbirlər İranın qalan “kölgə donanması” şəbəkəsinin böyük hissəsinin fəaliyyətini faktiki olaraq neytrallaşdıracaq.
Gəmilər müxtəlif dövlətlərin bayraqları altında qeydiyyatdan keçib, onlarla əlaqəli şirkətlər isə mürəkkəb beynəlxalq korporativ şəbəkələr vasitəsilə fəaliyyət göstərib.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İrana sanksiyalardan yayınmaqda yardım edən şəxslər və şirkətlər Vaşinqtonun təzyiqindən yayına bilməyəcəklər.
“İranın sanksiyalardan yayınmasına yardım edən heç bir tərəf Maliyyə Nazirliyinin bütün səlahiyyətlərinin təsirindən qaça bilməyəcək”, – Bessent bildirib.
Sanksiyalar yalnız tankerləri deyil, İranın neft və neft-kimya sektorlarında fəaliyyət göstərən bir sıra şirkətləri də əhatə edib.
Vaşinqton bildirib ki, tədbirlərin əsas məqsədi Tehranın sanksiyalardan yayınmaq və neft, neft-kimya məhsullarının ixracından gəlir əldə etmək üçün istifadə etdiyi kanalları bağlamaqdır.

