İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Polad Babayev Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, onun olduğu yer BƏƏ-də müəyyən edilib və bundan sonra Polad Babayev saxlanılıb.
İstintaq hesab edir ki, o, 2022-ci ildən etibarən vətəndaşları aldadaraq onlara əlilliyə görə pensiya rəsmiləşdirilməsi və ya işə düzəlmə məsələsində kömək edəcəyini vəd edib. Müxtəlif bəhanələrlə zərərçəkənlərdən pul aldığı və onlara külli miqdarda maddi ziyan vurduğu bildirilir.
Polad Babayevə Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, yəni dələduzluq ittihamı irəli sürülüb.
Zəruri prosedurlar və danışıqlardan sonra onun Azərbaycana təhvil verilməsi ilə bağlı razılıq əldə olunub.

