Azərbaycan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirirlər.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran və Yevlaxda keçirilən növbəti əməliyyat tədbirləri zamanı əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum olunmuş Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar.
Saxlanılan şəxslərdən psixotrop maddələrlə emal edilmiş 76 kiloqram marixuana və 2 min ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər xaricdə yaşayan narkotik tacirlərinin göstərişi ilə kontrabanda yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil ediblər.
Faktla bağlı cinayət işləri başlanılıb.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

