Meksikanın “Camilo Séptimo” qrupunun klavişa ifaçısı və yaradıcılarından biri, 38 yaşlı Conatan “Honas” Melendes, onun dörd aylıq hamilə həyat yoldaşı Ana Paula Barraqan, üç yaşlı qızı və evdə çalışan 21 yaşlı qadın Atisapan-de-Saraqosa şəhərindəki mənzildə öldürülüblər. Hadisə sentyabrın 1-də baş verib.
Məlumata görə, mənzildə olan 6 yaşlı oğlan isə sağ və xəsarətsiz tapılıb. Bəzi yerli mənbələr uşağın yorğanların arasında gizlənərək hücumdan xilas olduğunu bildirir.
İlkin istintaq məlumatlarına əsasən, qurbanlardan bəzilərinin əlləri bağlı olub. Üç nəfərin baş nahiyəsindən, digər qadının isə kürəyindən güllə yarası aldığı bildirilir. Ailənin ev heyvanının da ölü tapıldığı qeyd olunur.
Hadisə ilə bağlı iki nəfər saxlanılıb. Saxlanılanlardan Dieqo Sebastian “N”nin musiqiçinin biznes ortağı olduğu və istintaqda cinayətin mümkün təşkilatçılarından biri kimi araşdırıldığı bildirilir. Cinayətin dəqiq motivi hələ müəyyənləşdirilməyib.
Məlumatlara görə, Melendes hadisədən əvvəl dostlarından birinə biznes ortağı ilə görüşəcəyini və həmin şəxslə aralarında problemlər olduğunu deyib. O, müəyyən müddət ərzində özündən xəbər çıxmasa, polisə müraciət edilməsini istəyib.



