Braziliyada tanınmış bloqer Lidianna Lorenso və onun 15 yaşlı qızı Miana mənzildə ölü tapılıb.
Denmedia.az xəbər verir ki, bu barədə The Mirror məlumat yayıb. Hadisə Rio-de-Janeyro şəhərində baş verib.
33 yaşlı qadın və yeniyetmə qızı ayrı-ayrı otaqlarda tapılıb, onların bədənlərində zorakılıq əlamətləri aşkarlanmayıb.
İlkin versiyaya əsasən, ölümə səbəb tüstü qazından (ugarlı qazdan) zəhərlənmə olub.
Ailənin hüquqşünası Rodrigo Mullen bildirib ki, mənzildəki qaz qızdırıcısı təhlükəsizlik qaydalarına zidd şəkildə quraşdırılıb — qaz borusunun çıxışı birbaşa otağın içərisində yerləşib.
Onun sözlərinə görə, ekspertiza nəticələri hələ dəqiq səbəbi müəyyən etməyə imkan vermir, istintaq davam edir.
Lidianna Lorenso bir vaxtlar model və populyar bloqer kimi tanınıb. O, bir neçə il əvvəl Rio-de-Janeyroya köçüb, tibb təhsili alır və sosial şəbəkələrdə aktiv paylaşımlar edirdi.