Moskva vilayətinin Mıtişi şəhərində “FEST” teatrının aktyoru Vladislav Benqraf və həyat yoldaşı ailə münaqişəsi zamanı bir-birini bıçaqlayaraq öldürüblər.
Bu barədə Mash Telegram kanalı məlumat yayıb. Məlumata görə, hadisə aprelin 19-na keçən gecə cütlüyün yaşadığı mənzildə baş verib və mübahisə qısa zamanda bıçaqlı davaya çevrilib.
İstintaq Komitəsinin məlumatına əsasən, 28 yaşlı aktyor 23 yaşlı həyat yoldaşına boyun və sinə nahiyəsindən bir neçə zərbə endirib, qadın isə cavab olaraq ona ölümcül xəsarət yetirib.
Xilasedicilər qapını açdıqda həkimlər artıq heç bir kömək göstərə bilməyib — hər iki şəxs hadisə yerində həyatını itirib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb və mənzildə baxış keçirilib.
Qeyd olunur ki, cütlük eyni teatrda çalışıb — kişi aktyor, qadın isə qrim sexinin rəhbəri olub. İlkin məlumata görə, münaqişəyə səbəb qadının boşanmaq istəyi olub.

