ABŞ-da 9 yaşlı qızını qətlə yetirən Lusiano Frattolin ömürlük həbs cəzasına məhkum edilib.
Metro nəşrinin məlumatına görə, kişi qızı Melinanı göl kənarına apardıqdan sonra onun iki naməlum şəxs tərəfindən qaçırıldığını iddia edərək polisə müraciət edib.
Hüquq-mühafizə orqanları uşağın axtarışına başlasalar da, ilkin araşdırma nəticə verməyib. Ertəsi gün Melinanın meyiti göl yaxınlığında, daşın altında aşkar edilib.
Məhkəmə-tibbi ekspertizası uşağın boğulma nəticəsində həyatını itirdiyini müəyyənləşdirib.
Araşdırma zamanı atanın qızının qaçırılması barədə verdiyi ifadənin yalan olduğu üzə çıxıb. Frattolin günahını etiraf etməsə də, məhkəmə onu qətldə təqsirli bilib.
Oktyabrın 14-də çıxarılan hökmə əsasən, kişi 25 ildən sonra şərti azadlığa buraxılma imkanı olmaqla ömürlük həbsə məhkum edilib. Meyiti gizlətdiyinə görə ona əlavə 1–3 il həbs cəzası da verilib.

