Kamçatka Dövlət Universitetinin (Vitus Bering adına KamQU) alimləri dəniz yosunlarından hazırlanmış, tablet formasında üz maskası yaradıblar.
Bu maska 10 ml suda həll edildikdə sıx və aktiv maddələri qoruyan üz maskasına çevrilir və saxlama baxımından olduqca rahatdır.
DenMedia.az xəbər verir ki, bu barədə KamQU-nun nümayəndələri məlumat veriblər.
Maskanın əsasını Kamçatka şelfində bitən qəhvəyi yosunlar, həmçinin Utinoye gölünün müalicəvi palçığı və kofein təşkil edir.
Dəriyə çəkildikdən sonra maska bərkiyir və yumşaq pilinq effekti göstərir:
ölü hüceyrələri təmizləyir, qırışları azaldır və lifting təsiri yaradır.
Komanda rəhbəri, biologiya elmləri namizədi Stanislav Roqatıx bildirib:
“Bu bizim “nou-hau”dur, hələ analoqu yoxdur. Maskanı çəkdikdən sonra o bərkiyir və çıxarılarkən dərinin ölü hüceyrələri və kir qatını aparır.
Nəticədə cavanlaşdırıcı effekt yaranır – dəri hamarlaşır, qırışlar daha az nəzərə çarpır. Bu, əslində peşəkar skrab-pilinqin yumşaq formasıdır.”
Tabletlərin tərkibindəki Utinoye gölünün palçığı, Kamçatkadakı yeganə təbii müalicəvi palçıq yatağından götürülüb.
Bu palçıq termal mənbələrlə qidalanır və sanatoriyalarda osteoxondroz və psoriazın müalicəsində istifadə olunur.
Qəhvəyi yosunlarda olan alqinatlar isə amin turşularına yaxın birləşmələrdir və dəri ilə təmasda ölü hüceyrələri əvəz edərək regenerasiyanı sürətləndirir.
Roqatıx əlavə edib ki:
“Preparat dəri altı göyərmələrin sorulmasını sürətləndirir, yüngül damar genişləndirici təsiri sayəsində qan dövranını aktivləşdirir və hüceyrə parçalanması məhsullarını orqanizmdən uzaqlaşdırır.”
Hazırda komandanın farmasevti müxtəlif yosun növlərinin işlənməsi texnologiyaları üzərində təcrübələr aparır, çünki hər növ fərqli reaksiya verir. Eyni zamanda, komanda yerli təbii xammal əsasında 50-yə yaxın kosmetik məhsul resepti hazırlayıb.
2025-ci ilin sonuna qədər bu reseptlərdən 12 məhsulun sertifikatlaşdırılması və bazara çıxarılması planlaşdırılır.