Populyar içki olan bubble tea zərərsiz görünsə də, onu tez-tez içmək bağırsaq tıxanması kimi ağır nəticələrə gətirə bilər.
DenMedia.az xəbər verir ki, bu barədə “Qazeta.Ru”ya Skandinaviya Sağlamlıq Mərkəzinin cərrahı Dmitri Monaxov danışıb.
“Tapioqa topları nişastadan hazırlanır. Soyuduqda nişasta yapışqan hal alır və çətin həzm olunur. Çoxlu miqdarda içildikdə bu toplar bağırsaq boyunca hərəkət edə bilmir, bir-birinə yapışaraq sıx kütlə əmələ gətirir. Zamanla bu kütlə nazik bağırsaqda ilişir, keçidə mane olur və mayeni udmağa davam edir. Nəticədə bağırsaq divarına təzyiq artır və tıxanma yaranır,” — deyib Monaxov.
Onun sözlərinə görə, soyuq süd və buz əlavə edilməsi içkini daha da qatılaşdırır. Aşağı temperaturda nişasta fermentlərlə parçalanmır, süd isə içkinin yapışqanlığını artırır. Bu da tapioqa toplarının daha tez birləşib sıx massa əmələ gətirməsinə səbəb olur.
“Xüsusilə içkini acqarına və ya birnəfəsə içmək təhlükəlidir — bu, selikli qişaya yük salır və həzm prosesini ləngidir,” — xəbərdarlıq edib cərrah.
Bağırsaq tıxanmasının ilkin əlamətləri — şişkinlik, ürəkbulanma və ağırlıq hissidir. Daha sonra qarın ağrısı, qusma və nəcis ifrazının dayanması müşahidə olunur. Ağır hallarda qarın boşluğunda iltihab (peritonit) və orqanizmin zəhərlənməsi inkişaf edə bilər.
“İlkin mərhələlərdə həkimlər tıxanı endoskopik üsulla aradan qaldıra bilir. Ancaq proses irəlilədikdə, əməliyyat və bağırsağın bir hissəsinin çıxarılması tələb olunur. Vaxtında müdaxilə edilməzsə, vəziyyət peritonitlə nəticələnə bilər,” — deyib Monaxov.
Cərrah qeyd edib ki, bu cür hallarla ən çox yeniyetmələr üzləşir: onların bağırsağı nişasta bolluğuna daha həssasdır, amma içkini məhdudiyyətsiz içirlər. Tapioqa bitki mənşəli olsa da, lif tərkibli deyil, yəni bağırsaq hərəkətini stimullaşdırmır və asanlıqla durğunluq yaradır.
“Təhlükəsiz sayılan miqdar — 200–300 ml içki və az sayda tapioqa topudur. Onu hər gün, xüsusilə istidə və acqarına içmək olmaz. Daha yaxşısı, isti variantı seçməkdir — buzsuz və bitki südü ilə. İçkidən sonra bir stəkan su içmək faydalıdır, bu, nişastanı seyrəldir və onun orqanizmdən çıxmasını sürətləndirir,” — nəticə olaraq bildirib mütəxəssis.

