NEWS.ru portalına danışan diplomlu ailə nutrisoloqu Yuliya Popova bildirib ki, görmə ilə bağlı problemlərin əsas səbəbi qəhvənin özü deyil, onun emal texnologiyasıdır.
“Araşdırmalar göstərir ki, həll olunan (toz) qəhvə birbaşa korluğa səbəb olmasa da, onu həddən artıq qəbul edən insanlarda yaşla əlaqəli makulyar degenerasiya riski artır,” — deyə Popova vurğulayıb.
Bu xəstəlik göz torluğunun mərkəzi hissəsini zədələyir və nəticədə insan oxuma və üz tanıma qabiliyyətini itirir.
Nutrisoloq qeyd edib ki, problem kofeinlə bağlı deyil. Əsl təhlükə istehsal zamanı yaranan yan məhsullardan — akrilamid və hidroksimetilfurfurol birləşmələrindən qaynaqlanır.
“Bu maddələr qəhvə dənələrinin yüksək temperaturda qızdırılması və qurudulması zamanı əmələ gəlir. Akrilamid tanınmış neyrotoksindir və yüksək miqdarda orqanizmdə oksidləşdirici stress və sistemli iltihab yarada bilər. Bu da torluğun mərkəzi hissəsindəki incə damarlar üçün son dərəcə zərərlidir,” — deyə Popova izah edib.
Mütəxəssis əlavə edib ki, göz sağlamlığını qorumaq üçün ən yaxşı seçim yüksək keyfiyyətli, yumşaq qovrulmuş dənə qəhvə içməkdir. Onun sözlərinə görə, miqdarın da həddi saxlanılmalıdır.

