Londonun Kraliça Meri Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insan əşyalara toxunmadan da onların yerini kifayət qədər dəqiqliklə hiss edə bilir. Alimlər bu fenomeni “məsafədən toxunma” (remote touch) adlandırır və hesab edirlər ki, bu, insan qavrayışının yeni forması — “yeddinci hiss” ola bilər. Araşdırmanın nəticələri IEEE Explore jurnalında dərc olunub.
Əvvəllər belə hesab olunurdu ki, bu qabiliyyət yalnız bəzi heyvanlarda mövcuddur. Məsələn, quş növlərindən kuliqlər və rjanoklar qumun altında gizlənmiş qəniməti tapmaq üçün uzaqdan hiss etmə mexanizminə malikdirlər. Lakin yeni təcrübələr göstərib ki, insanlar da birbaşa toxunmadan ətrafdakı obyektlərdən yayılan mexaniki siqnalları qəbul edə bilirlər.
Eksperimentlər iki mərhələdə aparılıb — könüllülər və robotlar üzərində. İştirakçılardan xahiş olunub ki, qumun altında gizlənmiş kiçik kubun yerini tapmağa çalışsınlar, ona toxunmadan. Nəticədə könüllülər obyektin yerini 70,7% dəqiqliklə müəyyən ediblər. Müqayisə üçün, müasir toxunma sensoru və LSTM süni intellekt alqoritmi ilə təchiz olunmuş robot cəmi 40%-lik dəqiqlik göstərib.
Alimlərin fikrincə, bu nəticələr insan qavrayışının sərhədləri barədə təsəvvürləri dəyişir. Onların qənaətinə görə, insan dərisi və sinir sistemi ətraf mühitdəki təzyiq və titrəyişlərdəki mikroskopik dəyişiklikləri sezərək obyektin mövcudluğunu real toxunmadan əvvəl hiss edə bilir.
Bu kəşf praktiki baxımdan da əhəmiyyətlidir. Tədqiqatçılar hesab edirlər ki, “məsafədən toxunma” mexanizmini anlamaq, zərif obyektlərlə diqqətli şəkildə təmas qura bilən yeni nəsil robotların yaradılmasına imkan verəcək. Belə texnologiyalar arxeologiyada, artefaktların axtarışında, həmçinin kosmik missiyalarda — tozlu və ya qumlu səthləri zədələmədən tədqiq etmək üçün istifadə oluna bilər.

