Svonsea Universitetinin alimləri müəyyən ediblər ki, ABHD11 adlı zülalın aktivliyinə nəzarət orqanizmdə autoimmun xəstəliklərə səbəb olan hiperaktiv T-hüceyrələrin davranışını tənzimləməkdə əsas rol oynayır. Tədqiqatın nəticələri Nature Communications (NatCom) jurnalında dərc olunub.
Autoimmun xəstəliklər — məsələn, revmatoid artrit və I tip şəkərli diabet — immun sisteminin səhv işləməsi nəticəsində yaranır. Normalda infeksiyalardan qoruyan T-hüceyrələr bu hallarda orqanizmin öz toxumalarına hücum etməyə başlayır. Alimlər göstəriblər ki, bu xəstəliklər zamanı T-hüceyrələrin metabolizmi, yəni qidaları emal etmə tərzi dəyişir. Bu da onların həddindən artıq aktivləşməsinə və bədəndə iltihabın artmasına səbəb olur.
Siçanlar üzərində aparılan təcrübələr sübut edib ki, ABHD11 zülalının bloklanması T-hüceyrələrin hiperaktivliyini azaldır və onların ifraz etdiyi iltihabi siqnalları zəiflədir. Nəticədə, I tip diabetin inkişafı ləngiyir. Bu xəstəlik zamanı immun hüceyrələr insulin istehsal edən mədəaltı vəziyə hücum edir, nəticədə insulin çatışmazlığı və qanda qlükozanın artması baş verir.
Tədqiqatçılar hesab edirlər ki, ABHD11 üzərində təsir göstərən dərmanlar gələcəkdə immun sistemini daha təhlükəsiz və dəqiq şəkildə tənzimləyən preparatların əsasını təşkil edə bilər. Bu yanaşma həmçinin revmatoid artrit kimi xəstəliklərdə də faydalı ola bilər — həmin hallarda T-hüceyrələr oynaqlardakı toxumaları məhv edir.

