Napoleon Bonaparta məxsus olduğu güman edilən brilyant broş Cenevrədə keçirilən Sotheby’s hərracında 4,4 milyon dollara özəl kolleksiyaçı tərəfindən alınıb.
Bu məbləğ broşun 150–250 min dollarlıq hərrac dəyərini dəfələrlə üstələyib.
Hərrac kataloqunda qeyd olunur ki, həmin broş 1815-ci ildə Vaterloodakı məğlubiyyətdən geri çəkilərkən Napoleonun qarət edilən karvanında qalan papaq bəzəyidir. O zaman Prussiya ordusu imperatorun medallarını, silahlarını, süfrə gümüşlərini, papağını və zinət əşyaları ilə dolu qutusunu da daşıyan ən azı iki arabasını ələ keçirmişdi.
Prussiya feldmarşalı Gebhard Leberecht fon Blyuxer qeyd etmişdi ki, Napoleonun papağını və qılıncını simvolik əhəmiyyətinə görə Prussiya kralı III Fridrix Vilhelmə göndərib. Broş təxminən iki əsr boyunca Hohenzollern kral ailəsinin mülkiyyətində qalıb, son illərdə isə özəl kolleksiyada saxlanılıb.
Zinət əşyası dairəvidir; mərkəzdə 13,04 karatlıq oval brilyant, ətrafında isə müxtəlif ölçülü təxminən 100 kiçik brilyant yer alır.
Hərracda həmçinin Napoleonla bağlı digər bir lot — təxminən 133 karatlıq yaşıl beril də təqdim olunub. Bu daş barədə ilk yazılı qeyd Prussiya kraliçası Elizaveta Lyudovika Bavarskayanın vəsiyyətnaməsində rast gəlinir. O, “Napoleonun tacqoyma mərasimində taxdığı brilyant çərçivəli akvamarin” kimi təsvir edilir.
Yaşıl beril 40–60 min dollar qiymətləndirilsə də, 32 min dollara satılıb.

