Moda bu gün həyatımızın demək olar ki, hər sahəsinə sirayət edib. Aksesuarlardan tutmuş ayaqqabıya qədər bir çox detal gündəlik seçimlərimizi müəyyənləşdirir. Xaricdən baxanda cazibədar görünsə də, dəbdə olan hər şeyi düşünmədən təkrarlamaq sağlamlığımız üçün ciddi risklər yarada bilər. Dar geyimlər, süni materiallar və saxta aksessuarlar birbaşa bədənlə təmasda olduğu üçün zamanla sağlamlıq problemlərinə yol açır.
Məhz buna görə sağlamlığa zərər verən, lakin çox vaxt fərqinə varmadan istifadə etdiyimiz geyim vərdişlərini bir araya topladıq.
Dar geyimlər
Son illərin ən populyar trendlərindən biri dar şalvar və bədənə yapışan geyimlərdir. Ancaq həddindən artıq dar paltarlar qan dövranını pozur, varisin yaranmasına səbəb ola bilər. Xüsusilə kişilərdə bu cür geyimlər cinsi sağlamlıqla bağlı problemlərə yol aça bilir. Dəb xatirinə rahatlığı qurban verməzdən əvvəl bir anlıq düşünmək vacibdir.

Süni dərilər
Dəri gödəkçə və şalvarlar illərdir dəbdən düşmür. Lakin burada əsas məsələ məhsulun həqiqi yoxsa süni dəri olmasıdır. Süni dərilər istehsal zamanı istifadə olunan kimyəvi maddələrə görə uzunmüddətli istifadədə dəri qıcıqlanması, səpgilər və allergik reaksiyalar yarada bilər. Daha ucuz olması və vizual cəlbediciliyi bu məhsulları populyar etsə də, sağlamlıq baxımından risklidir.
Saxta gün eynəkləri
Ucuz qiymətə satılan, plastik və ya mika materialdan hazırlanan saxta eynəklər UV qorumasına malik olmur. Bu isə günəş şüalarının gözə birbaşa və daha zərərli formada təsir etməsinə səbəb olur. Görünüşü dəbli olsa da, bu cür eynəklər göz sağlamlığı üçün təhlükəlidir.

Hündürdaban və tam düz altlı ayaqqabılar
Ayaqqabı seçərkən çox vaxt zahiri görünüş əsas götürülür. Halbuki həddindən artıq hündürdaban və ya tam düz altlı ayaqqabılar duruş pozğunluğu, bel və kürək ağrıları, hətta bel yırtığına qədər aparan problemlər yarada bilər. Qadınlar üçün ayaqqabı seçərkən ortopedik uyğunluq əsas meyar olmalıdır.
Saxta zinət əşyaları
Zinət əşyaları qadınların ayrılmaz aksessuarıdır. Lakin saxta, keyfiyyətsiz metaldan hazırlanan bəzəklər qaşınma, dəri tökülməsi, allergiya və ekzema kimi ciddi problemlərə səbəb ola bilər. Dəri ilə birbaşa təmasda olan bu məhsullar seçilərkən xüsusilə diqqətli olmaq lazımdır.
Unutmayaq ki, dəb keçicidir, sağlamlıq isə əvəzolunmazdır. Gözəllik naminə bədənimizi risk altına atmaq əvəzinə, həm rahat, həm də sağlam seçimlər etmək hər zaman daha ağıllıdır.

