Bəzi adi məişət vərdişləri zamanla oynaqlarda ciddi problemlərə səbəb ola bilər. Bu barədə revmatoloq Aleksandr Yelonakov xəbərdarlıq edib. Həkimin sözlərinə görə, insanlar çox vaxt fərqinə varmadan oynaqları daimi zədələyən davranışlar sərgiləyirlər.
Mütəxəssis bildirib ki, oynaqların sıradan çıxmasının əsas səbəblərindən biri təkrarlanan travmalardır. Xüsusilə iş zamanı:
– diz üstə durmaq,
– qəfil dartınma və zərbə hərəkətləri,
– ağır fiziki yüklənmə
məişətdə isə:
– ağır əşyaların qaldırılması,
– diz üstə təmizlik işləri
oynaqlara daimi mikrotravmalar vurur.
Həkimin sözlərinə görə, əzələ zəifliyi problemi daha da dərinləşdirir. Əzələlər gücsüz olduqda, hətta gündəlik sadə hərəkətlər belə oynaqlara artıq yük salır və bu, zamanla zədələnməyə gətirib çıxarır.
Revmatoloq xüsusilə hündürdaban ayaqqabıların zərərli təsirinə diqqət çəkib. O bildirib ki, dabanlı ayaqqabılar ayağı və baldırı qeyri-təbii vəziyyətə salır. Nəticədə:
– ayaq barmaqları,
– pəncə və topuq oynaqları
zədələnir və ağrılar yaranır.
Bundan əlavə, siqaret çəkmək qan dövranını pozur və orqanizmə çoxlu toksik maddələrin daxil olmasına səbəb olur. Alkoqol qəbulu isə böyrəklərin fəaliyyətini zəiflədir, maddələr mübadiləsinin zərərli məhsulları yığılır və bu maddələr oynaqlara da mənfi təsir göstərir.
Həkim vurğulayır ki, oynaqları qorumaq üçün yalnız dərman yox, həyat tərzini dəyişmək əsas şərtdir.

