Misirin Turizm və Qədim Əsərlər Nazirliyi Sinay yarımadasında yerləşən Umm Irak platosunda indiyədək məlum olmayan nəhəng arxeoloji sahənin aşkarlandığını elan edib.
Bildirilib ki, təxminən 100 metr uzunluğunda təbii qaya sığınacağı tapılıb və onun 10 min illik tarixə malik olduğu müəyyən edilib.
Nazirliyin açıqlamasına görə, qaya sığınacağının tavanında tarixəqədərki dövrə aid qırmızı piqmentlə çəkilmiş heyvan fiqurları və simvollar yer alır. Eyni ərazidə daha sonrakı dövrlərə aid Nəbati dilində və ərəb dilində yazılmış kitabələr də aşkarlanıb.
Bu tapıntılar sahənin tarix boyu müxtəlif sivilizasiyalar tərəfindən istifadə edildiyini göstərir. Mütəxəssislərin fikrincə, sığınacaq ibtidai sənət nümunələrindən yazılı mədəniyyətə keçid mərhələsinədək uzanan zaman kəsiyini bir nöqtədə əks etdirir.
Ərazidə həmçinin antik ocaq qalıqları və daş bölmələr də tapılıb. Bu strukturlar bölgənin minilliklər boyunca yaşayış və müdafiə məqsədilə istifadə edildiyini sübut edir.
Rəsmilər kəşfin Misirin arxeoloji irsi baxımından mühüm əhəmiyyət daşıdığını və ərazinin “təbii muzey” xüsusiyyəti daşıdığını vurğulayıblar.

