Həkim-ginekoloq Mariya Milyutina ev şəraitində doğuşların ciddi risklər daşıdığını bildirib. O, 360.ru-ya açıqlamasında vurğulayıb ki, belə hallarda plasenta tam şəkildə yoxlanılmır və bu, ağır fəsadlara səbəb ola bilər.
Onun sözlərinə görə, doğuşdan sonra plasentanın müayinəsi aparılmadıqda uşaqlıqda plasentar toxuma qalıqları qala bilər. Bu isə sonradan gecikmiş doğuşsonrası qanaxmalara yol aça bilər və bu qanaxmalar bəzən çox güclü olur.
Həkim qeyd edib ki, doğuşdan sonra mütləq ultrasəs müayinəsi aparılmalı və körpə həkim tərəfindən yoxlanmalıdır. Milyutina əlavə edib ki, özünə və övladına məsuliyyətlə yanaşan insan evdə doğuşa üstünlük verməz.
Onun sözlərinə görə, müasir tibb müəssisələrində istənilən doğuş forması üçün şərait var – istər suda, istər xüsusi kresloda, istər hərəkətli şəkildə. Lakin bütün bunlar tibbi nəzarət altında həyata keçirilməlidir.

