Az hərəkətli həyat tərzi yalnız bədənə yox, psixikaya da ciddi ziyan vura bilər. Bunu “Gazeta.ru”ya açıqlamasında “SM-Klinika”nın revmatoloqu Reqina Biqbulatova bildirib.
Mütəxəssis izah edib ki, uzun müddət eyni vəziyyətdə qalmaq — xüsusilə ofisdə saatlarla oturmaq — əzələ spazmlarına, qanın normal dövranının pozulmasına və sinir sisteminin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Bu isə psixoloji sağlamlığı da təhlükə altına salır.
Həkim xəbərdarlıq edib:
“Nəticədə yorğunluq artır, orqanizm tükənir, yuxu pozulur, mənfi emosiyalar və həyəcan yaranır, hətta autoimmun xəstəliklər belə inkişaf edə bilər.”
Onun sözlərinə görə, problemlərin qarşısını almaq üçün kompleks yanaşma vacibdir. Gündəlik oturaq işi mütləq kiçik fasilələrlə bölmək lazımdır.
Biqbulatova qeyd edib:
“20–30 dəqiqə oturaq işdən sonra 5–10 dəqiqəlik hərəkət və yüngül gimnastika etmək lazımdır. Bu, sinir sistemində yığılan gərginliyi azaldır.”
Mütəxəssis əlavə edib ki, işdən kənar vaxtda da aktivlik vacibdir. Hər gün 40–60 dəqiqə açıq havada piyada gəzmək həm bədəni gücləndirir, həm də emosional fonu normallaşdırır.

