Beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, mədəaltı vəzi xərçəngi immun sistemdən yayınmaq üçün MYC adlı zülaldan istifadə edir. Araşdırmanın nəticələri Cell jurnalında dərc olunub.
Məlumata görə, MYC zülalı şiş hüceyrələrinin böyüməsini aktivləşdirməklə yanaşı, “maskalanma” funksiyası da yerinə yetirir. Şiş daxilində stress yarandıqda bu zülal RNT molekulları ilə birləşir və immun sistem üçün təhlükə siqnallarını aradan qaldıran reaksiyalar zəncirini işə salır. Nəticədə orqanizmin müdafiə mexanizmi şişi tanımır və o, inkişaf etməyə davam edir.
Heyvanlar üzərində aparılan təcrübələrdə alimlər MYC zülalının RNT ilə bağlana bilməyən variantını yaradıblar. 28 gün ərzində nəzarət qrupundakı şişlər 24 dəfə böyüdüyü halda, dəyişdirilmiş zülala malik şişlər 94 faiz kiçilib. Bu effekt yalnız immun sistemi sağlam olan heyvanlarda müşahidə edilib.
Tədqiqatçılar qeyd edirlər ki, MYC-in bu “görünməzlik mexanizmi”nin bloklanması gələcəkdə mədəaltı vəzi xərçənginin müalicəsində yeni yanaşmalar üçün əsas ola bilər.

