Son illər döş vəzi xərçəngi hallarının artması koronavirusun birbaşa təsiri ilə bağlı deyil.
Bu fikri NEWS.ru-ya açıqlamasında onkoloq, tibb elmləri namizədi Yevgeni Çeremuşkin səsləndirib.
Həkimin sözlərinə görə, həkimlərin müşahidə etdiyi artım əsasən artıq müalicə almış və sonradan COVID-19 keçirmiş xəstələrdə xəstəliyin yenidən aktivləşməsi ilə bağlıdır. Döş vəzi xərçəngi hər zaman ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olub. Lakin xüsusilə postkovid dövründə xəstəliyin irəliləməsi halları daha çox nəzərə çarpıb.
Çeremuşkin izah edib ki, xərçəngdən müalicə alan insan tam sağlam sayılmır. Orqanizmdə müəyyən xərçəng hüceyrələri qala bilər və onlar uzun müddət “yuxu vəziyyətində” ola bilər. COVID-19 isə onkogen virus deyil, yəni xərçəng yaratmır. Amma immunitetin kəskin zəiflədiyi hallarda bu hüceyrələr yenidən aktivləşə və xəstəlik irəliləyə bilər.
Onkoloq həmçinin vurğulayıb ki, son illər xərçəng “cavanlaşır”. Stress, düzgün qidalanmama, xroniki iltihabi proseslər və zəif immun sistemi bu riski artıran əsas amillər sırasındadır.

