Bir çoxları düşünür ki, maqnezium sitrat arıqlamağa və yağ yandırmağa kömək edir. Lakin mütəxəssislər bildirirlər ki, tərəzidə görünən azalma əslində yağ itkisi deyil.
Bu barədə farmakoloq Denis Borozdenko açıqlama verib. Onun sözlərinə görə, maqnezium sitrat – limon turşusu ilə birləşmiş, asan mənimsənilən maqnezium formasıdır və tez-tez qida əlavələrinin tərkibinə daxil edilir. Maqnezium ümumilikdə sinir sistemi və mədə-bağırsaq traktı üçün vacib mikroelementdir.
Həkim vurğulayır ki, maqneziumun birbaşa yağ parçalayan xüsusiyyəti yoxdur. Farmakoloji baxımdan o, yüngül işlədici təsir göstərir. Məhz buna görə tərəzidə rəqəm azala bilər – bu, maye və bağırsaq möhtəviyyatının azalması ilə bağlıdır, yağ itkisi ilə yox.
Eyni zamanda maqnezium sinir sistemi üçün faydalıdır: yuxunu normallaşdırır, stressi azaldır. Bu isə dolayı yolla sağlam çəki nəzarətinə kömək edə bilər. Lakin yalnız maqnezium əlavələrinə güvənərək arıqlamaq mümkün deyil.
Mütəxəssis xəbərdarlıq edir ki, həddindən artıq doza diareya və yuxu pozğunluqlarına səbəb ola bilər.

