Duş geli ilə bütün bədəni hər gün köpükləmək dərinin təbii qoruyucu baryerinə zərər verə bilər. Bu barədə dermatoloq, trixoloq və kosmetoloq Nataliya Jovtan məlumat verib.
Həkimin sözlərinə görə, duş geli istifadə edərkən insanlar yalnız tər və tozu yuduqlarını düşünürlər, lakin eyni zamanda dəri tərəfindən yaradılan hidrolipid mantiyası da yuyulub gedə bilər. Bu nazik qoruyucu təbəqə dərinin nəmini saxlayır, bakteriyalardan və allergenlərdən qoruyur.
Mütəxəssis bildirib ki, yüksək pH-li, sulfatlı və spirt tərkibli yuyucu vasitələrin tez-tez istifadəsi bu qoruyucu təbəqəni zəiflədə bilər. Nəticədə dəridə quruluq, dartılma hissi, qaşınma və qızartı yarana bilər.
Bununla belə, bütün duş gelləri eyni deyil. Neytral pH-li və nəmləndirici komponentlərə malik yumşaq vasitələr dəriyə daha az zərər verir. Həkim məsləhət görür ki, gel birbaşa dəriyə deyil, süngərə çəkilərək köpük halında tətbiq edilsin.

Dermatoloq həmçinin qeyd edib ki, adi sabun daha aqressiv təsir göstərir, çünki onun pH səviyyəsi 9–11 arasındadır. Halbuki sağlam dəri üçün 5,5–6 pH səviyyəsi daha uyğundur.
Həkimin sözlərinə görə, çox isti su da dəriyə zərər verə bilər, çünki o, dərinin təbii yağlarını yuyaraq quruluğa səbəb olur. Ona görə duş zamanı su ilıq olmalı və prosedur 5–10 dəqiqədən uzun çəkməməlidir.

Mütəxəssis xüsusilə quru və atopik dəriyə malik insanlar, uşaqlar və yaşlılar üçün hər gün bütün bədəni gel ilə yumağın uyğun olmadığını vurğulayıb. Bu hallarda gel yalnız tərləmənin çox olduğu nahiyələrdə istifadə edilməlidir, digər hissələri isə sadəcə su ilə yumaq kifayətdir.
Həkim əlavə edib ki, duşdan sonra dərini dəsmalla sürtmək yox, yüngülcə qurulamaq və dərhal nəmləndirici krem tətbiq etmək dəri baryerinin qorunmasına kömək edir.

