Alzheimer və demensiya xəstəlikləri qadınlarda kişilərlə müqayisədə iki dəfə daha çox rast gəlinir.
Bu barədə aparılan yeni araşdırmalar diqqət çəkib.
Boston Universitetinin alimləri qadınların genetik quruluşunu araşdıraraq mühüm nəticəyə gəliblər.
Tədqiqat zamanı MGMT geni müəyyən edilib ki, bu gen qadınlarda demensiyaya meyli artırır, lakin kişilərdə eyni təsiri göstərmir.
Məlumata görə, bu genə sahib qadınlarda Alzheimer xəstəliyinə tutulma riski 44% daha yüksəkdir.

Araşdırmanın aparıcı müəllifi doktor Lindsi Farrer bildirib ki, bu nəticə genetik faktorla qadınlarda Alzheimer riski arasında ən aydın əlaqələrdən biridir.
Statistikaya görə, Böyük Britaniyada hazırda 900 min insan demensiyadan əziyyət çəkir və bu rəqəmin 2040-cı ilə qədər 1,6 milyona çatacağı proqnozlaşdırılır.
Demensiya Böyük Britaniyada hər səkkiz qadından birinin ölüm səbəbidir.
Bununla belə, mütəxəssislər bildirir ki, halların təxminən 40%-nin qarşısını almaq mümkündür, çünki onlar piylənmə və fiziki aktivliyin azlığı kimi həyat tərzi faktorları ilə bağlıdır.

