Yorulanda, ağlayanda və ya uzun müddət kompüter qarşısında oturanda əl avtomatik olaraq gözlərə gedir. Bu, demək olar ki, refleksdir. Amma mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş sadə görünsə də, ciddi problemlərə səbəb ola bilər.
İlk baxışda gözləri ovmaq rahatlıq verir. Bunun səbəbi odur ki, bu zaman göz yaşı vəziləri aktivləşir, göz müvəqqəti nəmlənir və “təmizlənmiş” kimi hiss olunur. Həmçinin okulokardial refleks işə düşür — bu, ürək ritmini və təzyiqi bir qədər azaldaraq rahatlıq hissi yaradır. Məhz buna görə stress və yorğunluq zamanı insanlar tez-tez gözlərinə toxunur.
Amma reallıqda baş verənlər daha fərqlidir. Gözləri ovmaq allergiyanı azaltmır, əksinə gücləndirir. Çünki əllərdə olan toz, polen və bakteriyalar birbaşa gözə keçir və bu da qızartı, qaşınma və şişkinliyi artırır.
Daha təhlükəli tərəfi isə buynuz qişanın zədələnməsi riskidir. Hətta kiçik təzyiq və ya dırnaq toxunuşu belə göz səthini zədələyə bilər. Uzun müddətdə bu vərdiş buynuz qişanın zəifləməsinə və keratokonus kimi ciddi görmə problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə adi eynək belə kömək etmir.
Bundan əlavə, nadir hallarda olsa da, güclü ovma tor qişanın zədələnməsinə və ya qopmasına gətirib çıxara bilər ki, bu artıq ciddi tibbi müdaxilə tələb edir.
Ən yayılmış problem isə infeksiyalardır. Əllər heç vaxt tam steril olmur və gözə toxunduqda bakteriya və viruslar ötürülür. Nəticədə konyunktivit, blefarit və ya arpacıq kimi xəstəliklər yaranır.

Bunun əvəzinə nə etmək lazımdır? Ən sadə yollar var:
— soyuq kompres və ya nəmləndirici damcılar istifadə etmək
— allergiya varsa, xüsusi göz damcılarına müraciət etmək
— kompüter qarşısında işləyərkən fasilələr vermək və gözləri istirahət etdirmək
— əlləri tez-tez yumaq və gözə toxunmamaq
Əgər qaşınma davamlıdırsa, gözlər tez-tez qızarırsa və ya ağrı varsa, bu artıq müalicə tələb edən problemin siqnalı ola bilər.
Qısa desək: gözləri ovmaq qısa müddətli rahatlıq verir, amma uzun müddətdə görməyə zərər vurur.

