Vürtsburq Universitetinin alimləri müəyyən ediblər ki, B2 vitamini, yəni riboflavin, xərçəng hüceyrələrinin ferroptozdan qorunma mexanizmlərində iştirak edir. Tədqiqat Nature Cell Biology jurnalında dərc olunub.
Ferroptoz dəmirin çoxluğu və lipid oksidləşməsi nəticəsində hüceyrə membranlarının zədələnməsi ilə bağlı proqramlaşdırılmış hüceyrə ölümü formasıdır. Apoptozdan fərqli olaraq, bu mexanizm şiş hüceyrələrinin zəif nöqtələrindən biri hesab olunur və xərçəng terapiyasında istifadə oluna biləcək istiqamətlərdən biri kimi araşdırılır.
Araşdırma göstərib ki, xərçəng hüceyrələri B2 vitaminindən ferroptozdan qorunmaq üçün istifadə edir. Bu prosesdə əsas rolu FSP1 adlı zülal oynayır. Həmin zülal hüceyrə ölümünün başlamasını əngəlləyir. B2 vitamini isə bu zülalın normal işləməsi üçün vacibdir və riboflavinin aktiv formalara çevrilməsində iştirak edən RFK geni ilə əlaqəlidir.
Minlərlə geni əhatə edən genetik skrininq zamanı alimlər müəyyən ediblər ki, FSP1 zülalının fəaliyyəti RFK genindən və B2 vitamininin mövcudluğundan asılıdır. Bu isə o deməkdir ki, riboflavin faktiki olaraq şiş hüceyrələrinin müdafiə sistemini dəstəkləyir və onların ferroptozdan yayınmasına kömək edir.
Tədqiqatçılar eyni zamanda rozoflavin adlı birləşməni də sınaqdan keçiriblər. Bu maddə quruluş baxımından B2 vitamininə bənzəyir. Laboratoriya şəraitində rozoflavin xərçəng hüceyrələrinin qoruyucu mexanizmini pozub və onları ferroptoza qarşı daha həssas edib. Başqa sözlə, rozoflavin riboflavinlə rəqabət aparır, onun bioloji yollarını “ələ keçirir”, lakin qoruyucu funksiya yaratmır.
Alimlər vurğulayırlar ki, bu nəticələr B2 vitamininin orqanizm üçün zərərli olması anlamına gəlmir. Riboflavin normal maddələr mübadiləsi, dəri sağlamlığı və enerji prosesləri üçün vacibdir. Onu rasiondan tam çıxarmaq mümkün və doğru deyil. Lakin onun şiş hüceyrələrinin müdafiəsində rol oynaması xərçəng terapiyası üçün yeni potensial hədəf kimi qiymətləndirilir.

