Çində aparılan yeni tədqiqat zirincə həsr olunub. Zirinc adətən konfet və ya limonadlarla əlaqələndirilsə də, dəmləmələr üçün istifadə olunan və ya ədviyyə kimi əlavə edilən bütöv meyvələr özünəməxsus faydalara malikdir.
Phytotherapy Research jurnalının məlumatına görə, zirincin əsas aktiv komponenti olan berberin damar hüceyrələrini vaxtından əvvəl qocalmadan qoruyur.
Berberin ürək-damar sağlamlığını dəstəkləyən perspektivli bir maddə kimi qiymətləndirilir. O, qan dövranını yaxşılaşdırır, təzyiqi azaldır və damar disfunksiyasını zəiflədir. Lakin indiyədək berberinin hüceyrələrə hansı mexanizmlə təsir göstərdiyi tam aydın deyildi.
Luçjou şəhərində yerləşən Cənub-Qərb Tibb Universitetinin alimləri berberinin damarların daxili qocalma mexanizmini söndürdüyünü müəyyən ediblər. Araşdırmada EIF2AK2 (PKR) adlı siqnal yolunun fəaliyyəti öyrənilib. Bu zülal adətən endotel hüceyrələrinin zədələnməsini başladır və metilqlikoksal maddəsinin təsiri ilə hüceyrə qocalmasını sürətləndirir.
Məlum olub ki, berberin bu prosesi bir neçə mərhələdə zəiflədir: PKR zülalının aktivləşməsinin qarşısını alır, zülal sintezini pozan mexanizmləri bloklayır və hüceyrə yenilənməsinin dayanmasına imkan vermir. Nəticədə damar hüceyrələri daha uzun müddət canlı və zədələrə davamlı qalır.
Mütəxəssislər vurğulayıblar ki, tədqiqatlarda istifadə olunan berberin dozaları təbii zirinc porsiyalarındakı miqdardan daha yüksək olub. Bununla belə, zirinc faydalı qalır: tərkibində üzvi turşular və C vitamini var, həzmi yaxşılaşdırır və yeməklərin dadını artıraraq duz istehlakını azaltmağa kömək edir. Zirincin plovlara, souslara və marinadlara əlavə edilməsi tövsiyə olunur.

