Durğun su hövzələrində kontakt linzalarla çimmək nadir, lakin təhlükəli infeksion xəstəlik olan akantameb keratitinə səbəb ola bilər.
Bu barədə 360.ru-ya oftalmoloq Aleksey Yeqorov xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, bu xəstəlik Acanthamoeba cinsinə aid sərbəst yaşayan amöblərin gözün buynuz qişasında çoxalması nəticəsində yaranır.
“Kontakt linzalar istifadə qaydalarına düzgün əməl olunduqda kifayət qədər təhlükəsiz vasitədir və insana eynəksiz görməyə imkan verir. Lakin linzalarla çimmək olmaz, xüsusilə də durğun su hövzələrində. Məhz belə yerlərdə akantamebanın linzanın altına keçməsi və orada çoxalması üçün şərait yaranır”, — deyə Yeqorov bildirib.
Oftalmoloq qeyd edib ki, akantameb keratiti çox çətin müalicə olunur. Xəstəlik görmənin geri dönməz şəkildə zəifləməsinə, buynuz qişanın deşilməsinə və hətta görmə funksiyasının itirilməsinə səbəb ola bilər.
Həkim insanlara linzasız çimməyi, yaxud üzgüçülükdən dərhal sonra gözləri xüsusi göz antiseptiki ilə yumağı tövsiyə edib.

