Qəhvənin yuxusuzluq və yağlı qidalanmanın yaratdığı narahatlığı və bəzi orqan pozuntularını azalda biləcəyi müəyyən edilib.
Bu barədə çinli alimlərin siçanlar üzərində apardığı və “Food & Function” elmi jurnalında dərc olunan araşdırmada bildirilib.
Təcrübə zamanı siçanlar doqquz həftə ərzində yağlı qidalarla bəslənib və onların yuxu müddəti məhdudlaşdırılıb. Heyvanların bir qisminə mütəmadi olaraq qəhvə verilib.

Nəticələr göstərib ki, qəhvə qəbul edən siçanlarda narahatlıq səviyyəsi azalıb, beynin yaddaş və öyrənmə ilə əlaqəli hipokamp nahiyəsinin hüceyrələri zədələnmədən daha yaxşı qorunub.
Bundan başqa, qəhvənin qaraciyərin piylənməsi riskini azaltdığı, bağırsaq mikroflorasını dəstəklədiyi və orqanizmdə iltihabın azalmasına kömək etdiyi müşahidə olunub.
Araşdırmaya əsasən, qəhvə:
- bağırsaq mikrobiotasını qoruyub;
- iltihabı azaldıb;
- lipid mübadiləsinə müsbət təsir göstərib;
- beyin, qaraciyər və bağırsaqların fəaliyyətini dəstəkləyib.
Alimlər qeyd ediblər ki, yağlı qidalanma ilə yuxusuzluğun birlikdə olması maddələr mübadiləsinin pozulmasına və davranış dəyişikliklərinə səbəb olan geniş yayılmış stress amilidir.

Bununla belə, mütəxəssislər araşdırmanın yalnız siçanlar üzərində aparıldığını vurğulayıblar. Nəticələrin insanlara da eyni şəkildə şamil edilməsi üçün əlavə tədqiqatlara ehtiyac var.

