Alimlər müəyyən ediblər ki, selen əlavə edilmiş fermentləşdirilmiş qoji giləmeyvəsi şirəsi xarab olmuş meyvələrdə və onlardan hazırlanan məhsullarda yaranan patulin toksininin qaraciyərə zərərli təsirini azalda bilər.
Bu nəticəyə Food & Function jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər.
Təcrübə zamanı siçanlara Tibet kefir göbələyi vasitəsilə fermentləşdirilmiş qoji şirəsi verilib. Bu proses kefirin hazırlanmasına bənzəyir: mikroorqanizmlər içkini emal edir və onun tərkibini dəyişir. Şirə əlavə olaraq selenlə zənginləşdirilib. Selen orqanizmin antioksidant müdafiəsində iştirak edən mikroelementdir.
Patulin qəbul edən siçanlarda qaraciyərin zədələnməsi əlamətləri yaranıb. Lakin fermentləşdirilmiş qoji şirəsi verilən heyvanlarda bu pozuntular daha zəif müşahidə olunub. Onlarda qanda qaraciyər zədələnməsini göstərən göstəricilər azalıb, həmçinin iltihab və oksidləşdirici stress səviyyəsi aşağı düşüb.

Bundan başqa, içki toksinin təsiri ilə pozulan bağırsaq bakteriyalarının balansının bərpasına da kömək edib.
Araşdırma müəllifləri hesab edirlər ki, qoruyucu təsir bir neçə mexanizmlə bağlı ola bilər. Bunlara iltihabın azalması, antioksidant müdafiənin güclənməsi və bağırsaq mikroflorasına təsir daxildir.

Bununla belə, tədqiqatın siçanlar üzərində aparıldığı vurğulanır. Buna görə də belə içkinin insanlar üçün faydasının hələ ayrıca araşdırmalarla təsdiqlənməsi lazımdır.

