Yay tətilindən sonra uşaq məktəbə qayıtmaq istəmirsə, valideynlər ilk növbədə bunun əsl səbəbini müəyyənləşdirməlidirlər.
Psixoloq Marqarita Baranova KP.RU-ya açıqlamasında bildirib ki, səbəb aydınlaşdırıldıqdan sonra valideynlə uşaq birlikdə vəziyyəti təhlil etməli və mümkün həll yollarını tapmalıdır.
Mütəxəssisin sözlərinə görə, məktəbə getmək istəməmə problemi daha çox 4-cü sinifdən 8-ci sinfədək olan uşaqlarda müşahidə olunur. Kiçik yaşlı şagirdlər adətən məktəbə həvəslə gedirlər, yuxarı sinif şagirdləri isə artıq bunun zəruriliyini daha yaxşı anlayırlar.
Baranova valideynlərə “Siyahılar” adlı sadə məşqi də tövsiyə edib. Uşaq iki sütunda məktəbdə nələri sevdiyini və nələri sevmədiyini yazmalıdır. Bu üsul ona məktəbə getmək üçün müsbət səbəbləri daha aydın görməyə kömək edə bilər.
Psixoloqun fikrincə, kiçik brelok, sevimli oyuncaq və ya gözəl məktəb ləvazimatları kimi əhvalı yaxşılaşdıran xırda detallar da uşağın məktəbə uyğunlaşmasını asanlaşdıra bilər.

