Sərt qadağalar, repetitorlar və həddindən artıq yüklənmiş istirahət proqramı valideynlərin uşağın yay tətilini korlaya bilən əsas səhvlərindəndir.
Bu barədə pedaqoq-psixoloq, “Umnoşkol”un həmtəsisçisi Şamil Əhmədullin “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, böyüklər çox vaxt yaxşı niyyətlə uşağın tətilini həddindən artıq yükləyirlər. Məsələn, yayı məktəbin davamına çevirir, dərs proqramını repetitorlarla tamamlamağa çalışır və uşağı intensiv məşğələlərə məcbur edirlər.
Ekspert bildirib ki, belə hallarda uşaq sentyabrda məktəbə dincəlmiş yox, yorulmuş vəziyyətdə qayıdır. Onun fikrincə, yayda uşağın düşünmə bacarıqlarını oyunlar, tapmacalar və maraqlı tapşırıqlar vasitəsilə inkişaf etdirmək daha faydalıdır.

Psixoloqun sözlərinə görə, ikinci əsas səhv davamlı “olmaz” qadağalarıdır. Telefon, gec yatmaq və axşam gəzintiləri ilə bağlı sərt qadağalar uşağı gizli şəkildə qaydaları pozmağa sövq edə bilər. Bunun əvəzinə aydın və dürüst qaydalar müəyyən etmək daha məqsədəuyğundur: məsələn, “telefon olmaz” deməkdənsə, “gündə bir saat, filan vaxtda” demək daha təsirlidir.
Əhmədullin qeyd edib ki, valideynlərin özlərinin daim telefonla məşğul olması da uşağa mənfi nümunədir. Onun sözlərinə görə, valideyn ünsiyyətə və birgə vaxta üstünlük verməklə uşağa yayda qadcetlərdən daha maraqlı məşğuliyyətlərin olduğunu göstərə bilər.
Ekspertin fikrincə, başqa bir səhv uşağı daim əyləndirməyə çalışmaqdır. Park, kino və attraksionlar uşağa hazır əyləncə təqdim edir, lakin o, qısa müddət sonra yenə darıxa bilər. Bunun əvəzinə uşağın özü düşünməli olduğu fəaliyyətlər seçmək daha yaxşıdır: marşrut qurmaq, piknik planlaşdırmaq və ya sadə təcrübə aparmaq.
Psixoloq bildirib ki, uşağın bəzən darıxmasından qorxmaq lazım deyil. Çünki belə anlarda fantaziya yaranır, uşaq özünü məşğul etməyi və düşünməyi öyrənir.
Həddindən artıq dolu proqram da tətili korlaya bilər. Ekspertin sözlərinə görə, gün ərzində çoxlu plan qurmaq, uşağı fasiləsiz tədbirlərə aparmaq ailədə gərginlik yaradır. Daha az, lakin mənalı planlar qurmaq, uşağın rejimini və istirahət fasilələrini qorumaq vacibdir.
Psixoloq sonda valideynləri uşağın yanında təkcə fiziki deyil, emosional olaraq da olmağa çağırıb. Onun sözlərinə görə, eyni otaqda oturub hər kəsin öz işi ilə məşğul olması birlikdə vaxt keçirmək sayılmır.
“Uşağa paylaşılan emosiya lazımdır. Gündə 15 dəqiqə tam diqqət bəzən bütün günü sadəcə yanında olmaqdan daha dəyərlidir”, — deyə Əhmədullin bildirib.

