İntrovert uşağı bütün sinif yoldaşları ilə dostlaşmağa və hər tədbirdə iştirak etməyə məcbur etmək əlavə stress yarada bilər.
Uşaq və ailə psixoloqu Qalina Reyntal NEWS.ru-ya açıqlamasında bildirib ki, araşdırmalara əsasən, uşaqların 30–50 faizi introvertdir. Bu isə onların ünsiyyətsiz olduğu anlamına gəlmir.
Mütəxəssisin sözlərinə görə, belə uşaqlar səs-küylü qrupdansa, tək oynamağı və ya bir-iki yaxın dostla vaxt keçirməyi daha rahat hesab edirlər.
Psixoloq valideynlərin əsas səhvinin introvert uşağı ekstrovertə çevirməyə çalışmaq olduğunu vurğulayıb:
“Uşağın bütün siniflə dostlaşmasında və bütün tədbirlərdə mütləq iştirak etməsində israr etməyin. Bu, yalnız onun stressini artıracaq.”
Bununla yanaşı, introvertliyi ünsiyyət çətinliyi ilə qarışdırmaq olmaz. Uşaq dostluq etmək istəyir, amma digər uşaqlara yaxınlaşmağa cəsarət etmir və onları yalnız kənardan izləyirsə, səbəb özünəinamın azlığı, ünsiyyət bacarıqlarının zəifliyi və ya əvvəlki mənfi təcrübə ola bilər.
Mütəxəssis məktəb başlamazdan əvvəl uşağı məktəb ərazisi ilə tanış etməyi, müəllimlə görüşdürməyi və evdə sadə tanışlıq cümlələrini məşq etdirməyi tövsiyə edib.
Psixoloq qeyd edib ki, introvert uşaq üçün bir-iki yaxın dost kifayətdir və onları ortaq maraqların olduğu dərnək, idman bölməsi və digər fəaliyyətlərdə tapmaq daha asan ola bilər.
Ən vacibi isə introvertliyi problem kimi təqdim etməməkdir.

