D vitamini çatışmazlığı yumurtalıq, uşaqlıq boynu və uşaqlıq xərçənginin inkişaf riskinin artması ilə əlaqəli ola bilər. Alimlər bu nəticəyə “Frontiers in Oncology” jurnalında dərc olunan genişmiqyaslı beynəlxalq araşdırmanın nəticələri əsasında gəliblər.
Tədqiqat müəllifləri 30 yaşdan yuxarı 1,3 milyondan çox qadının məlumatlarını təhlil ediblər. D vitamini səviyyəsi ciddi aşağı olan qadınlar göstəriciləri normal olan iştirakçılarla müqayisə edilib və onların sağlamlıq vəziyyəti 10 ilədək müddətdə izlənilib.
Nəticələrə görə, D vitamini çatışmazlığı ümumi ginekoloji xərçəng riskinin 47 faiz artması ilə əlaqələndirilib.

Ayrı-ayrı xəstəliklər üzrə isə yumurtalıq xərçəngi riski 30 faiz, uşaqlıq boynu xərçəngi 31 faiz, uşaqlıq cismi xərçəngi isə 55 faiz daha yüksək olub.
Bu əlaqə yaş, piylənmə, diabet, siqaret çəkmə və digər amillər nəzərə alındıqdan sonra da müşahidə edilib. Ən güclü əlaqə məhz uşaqlıq cismi xərçəngi ilə bağlı olub.
Tədqiqatçılar vurğulayırlar ki, araşdırma müşahidə xarakterlidir və D vitamini çatışmazlığının birbaşa xərçəngə səbəb olduğunu sübut etmir. Bununla belə, nəticələr D vitamini səviyyəsinin ginekoloji xərçəng riskinin qiymətləndirilməsində mühüm göstərici ola biləcəyini və bu istiqamətdə əlavə araşdırmalara ehtiyac olduğunu göstərir.

