Yumurtalıq xərçəngi simptomsuz inkişaf edə və ya mədə-bağırsaq xəstəlikləri ilə qarışdırıla bilər. Bu barədə onkoloq-ginekoloq Sampadu Desai və onkoloq Şona Naq “The Times of India”ya müsahibələrində bildiriblər.
Həkimlərin sözlərinə görə, yumurtalıq xərçəngi ən təhlükəli onkoloji xəstəliklərdən biri hesab olunur. Bunun əsas səbəbi xəstəliyin erkən mərhələlərdə çox vaxt özünü açıq şəkildə göstərməməsidir.
Desai qeyd edib ki, bu, əlamətlərin ümumiyyətlə olmadığı anlamına gəlmir. Onun sözlərinə görə, yumurtalıq xərçənginin simptomları adətən çox qeyri-spesifik olur.
“Bu əlamətlərə yeməkdən sonra tez yaranan toxluq hissi, qarında şişkinlik, qarının yuxarı hissəsində narahatlıq və həzmin pozulması daxildir”, — həkim bildirib.
Şona Naq isə əlavə edib ki, diaqnoz qoyulmazdan əvvəl bir çox qadınlarda qarında şişkinlik, qarının aşağı hissəsində və ya çanaq nahiyəsində yüngül ağrılar müşahidə oluna bilər.
Onun sözlərinə görə, bəzi hallarda xəstəlik menstruasiya dövründə pozuntularla da müşayiət olunur.
Onkoloq vurğulayıb ki, yumurtalıq xərçəngini aşkar etmək üçün süd vəzi və ya uşaqlıq boynu xərçəngində olduğu kimi xüsusi skrininq testi yoxdur. Buna görə də qadınların mütəmadi olaraq ginekoloqa müraciət etməsi və orqanizmdəki dəyişikliklərə diqqətlə yanaşması vacibdir.
Xüsusilə ailəsində süd vəzi, yumurtalıq və ya bağırsaq xərçəngi halları olan qadınların daha diqqətli olması tövsiyə edilir.

