B12 vitamini çatışmazlığı təkcə anemiya və zəifliklə deyil, həm də demensiya və insult riskinin artması ilə bağlı ola bilər. Bu nəticəyə Çi Mey Xəstəxanasının alimləri gəliblər.
Tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Alimlər yaşı 50-dən yuxarı olan 258 mindən çox insanın məlumatlarını təhlil ediblər. Tədqiqat zamanı qanda B12 vitamini səviyyəsi davamlı şəkildə aşağı olan şəxslərlə normal göstəricilərə malik iştirakçıların vəziyyəti müqayisə olunub. Müşahidə 10 il davam edib.
Bu müddət ərzində B12 vitamini çatışmazlığı olan insanlarda demensiya riski 33 faiz artıb. Bu qrupda həmçinin Altsheymer xəstəliyi, damar mənşəli demensiya, yüngül koqnitiv pozuntular və insult daha çox qeydə alınıb.
B12 vitamini səviyyəsi daha ciddi şəkildə aşağı olan şəxslərdə isə demensiya riski normal göstəricilərə malik insanlarla müqayisədə 64 faiz yüksək olub.
Tədqiqat müəlliflərinin sözlərinə görə, B12 vitamini sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. O, sinir liflərinin qoruyucu qişasının formalaşmasında, DNT sintezində və beyin hüceyrələrində maddələr mübadiləsində iştirak edir.
Alimlər bildiriblər ki, bu vitaminin çatışmazlığı sinir hüceyrələrinin və qan damarlarının zədələnməsinə səbəb ola, nəticədə koqnitiv pozuntular və damar mənşəli ağırlaşmalar riskini artıra bilər.

