İngiltərədə yayın son günlərində “sərxoş eşşəkarıları” ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
İngiltərə Zərərvericilərə Qarşı Mübarizə Assosiasiyasının (BPCA) məlumatına görə, yayın sona çatması ilə işçi eşşəkarıları həddindən artıq yetişmiş və fermentləşmiş meyvələrə daha çox yönəlirlər. Belə qidalarla bəsləndikdən sonra həşəratlarda sərxoşluğa bənzər davranış müşahidə oluna bilər.
Mütəxəssislər bildirirlər ki, yay ərzində işçi eşşəkarılarının əsas vəzifələrindən biri yuvadakı sürfələri qidalandırmaqdır. Yayın sonuna doğru bu ehtiyac azaldıqda həşəratlar özlərinin şəkər ehtiyacını ödəmək üçün yeni qida mənbələri axtarmağa başlayırlar.

Həddindən artıq yetişmiş və fermentləşmiş meyvələr, açıqda saxlanılan şirin qidalar və içkilər onların əsas hədəfləri arasında yer alır.
BPCA-nın məlumatına görə, fermentləşmiş şəkərli qidalar eşşəkarılarını yalnız keyləşdirmir, onların davranışına da təsir göstərə bilər. Nəticədə həşəratlar daha aqressiv ola və insanları sancma ehtimalı arta bilər.
Coventry Observer nəşrinin məlumatına görə, insanlara eşşəkarıları ilə qarşılaşdıqda onları vurmağa çalışmamaq və xüsusilə yuvalarını narahat etməmək tövsiyə olunur. Narahat edilən koloniyanın qısa müddətdə aqressivləşə biləcəyi barədə xəbərdarlıq edilib.

