Vaxta qənaət etmək istəyərkən bir çox insan dondurucunu ərzaq ehtiyatı anbarına çevirir. Kabaçki, pendir, ət və digər məhsullar daha uzun müddət saxlanılsın deyə tez-tez dondurulur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hər məhsul dondurulmağa uyğun deyil.
İtaliyalı qida sənayesi texnoloqlarının sözlərinə görə, ev şəraitində aparılan dondurma prosesi ilə sənaye tipli şok dondurma arasında böyük fərq var. Bu barədə Il Messaggero məlumat yayıb.
Sənaye avadanlıqları məhsulları -40°C temperaturda cəmi 3-4 saat ərzində dondurur. Ev şəraitində isə bu proses daha uzun çəkir. Nəticədə məhsulun daxilində yaranan buz kristalları hüceyrə membranlarını zədələyir. Buna görə də bəzi məhsullar donu açıldıqdan sonra formasını və dadını itirir.
Mütəxəssislər bildirirlər ki, dondurulmadan ən çox zərər görən məhsullar su və yağ tərkibi yüksək olan qidalardır.
Xüsusilə vetçina və salyami kimi ət məhsulları dondurulduqda yağların oksidləşməsi nəticəsində xoşagəlməz dad ala bilər. Onların teksturası da dəyişərək ya yapışqan, ya da dağınıq hala düşə bilər.
Yumşaq pendirlər də dondurulmaya yaxşı reaksiya vermir. Belə məhsullarda emulsiya pozulur, nəticədə pendir dənəvər olur və asanlıqla ovxalana bilər.
Xiyar, kabaçki, turp və kahı kimi sulu tərəvəzlər isə don açıldıqdan sonra xırtıldayan strukturunu itirir. Çünki soyuq onların hüceyrə quruluşunu dağıdır.
Eyni problem qarpız, yemiş, çiyələk və ananas kimi zərif meyvələrə də aiddir. Bu meyvələr donu açıldıqdan sonra çox su buraxır, şəkər balansını itirir və turşməzə, yumşaq kütləyə çevrilə bilər.
Mütəxəssislər mayonez və onun əsasında hazırlanan sousları da dondurmağı tövsiyə etmirlər. Çünki belə məhsullar don açıldıqdan sonra yağ və suya ayrılır.
Bununla belə, bəzi tərəvəzləri dondurmaq mümkündür. İspanaq, brokoli və kartof əvvəlcədən blanş edildikdən sonra dondurula bilər.
Toyuq yumurtasını da dondurucuda saxlamaq olar, lakin texnoloqlar bunun üçün yumurtanın əvvəlcədən ağ və sarı hissələrə ayrılmasını məsləhət görürlər.

Dondurulan məhsullarla bağlı əsas qaydalardan biri də saxlanma müddətidir. Mütəxəssislərə görə, hətta düzgün hazırlanmış ərzaq ehtiyatları belə dondurucuda 3 aydan artıq saxlanılmamalıdır. Bu müddətdən sonra məhsulların qida dəyəri ciddi şəkildə azalır.
Qidaları dondurucuya yerləşdirərkən onları hava keçirməyən qablaşdırmada saxlamaq və dondurucunu həddindən artıq doldurmamaq lazımdır. Çünki hava dövranının pozulması məhsulların keyfiyyətinə mənfi təsir göstərə bilər.

