Hindistanın Maharaştra ştatının sakini Ramabay Ranvir həyat yoldaşının ölümündən sonra qızlarının təhsil xərclərini ödəmək üçün yerli marafona qatılıb və saridə, ayaqyalın qaçaraq qalib gəlib.
“The Bridge” nəşrinin məlumatına görə, məktəbdə aşpaz işləyən 47 yaşlı qadın 3000 rupi məbləğində pul mükafatını qazanmaq üçün yarışa qatılıb.
Ramabay əvvəlcə adi başmaqlarla qaçmağa başlayıb. Lakin başmaqlar sürüşdüyü üçün onları çıxarıb və yarışı ayaqyalın davam etdirib.
Soyuq trasda qaçmasına və əvvəlcədən məşq etməməsinə baxmayaraq, qadın öz yaş kateqoriyasında finiş xəttini birinci keçib, özündən daha gənc və daha yaxşı təchiz olunmuş rəqiblərini geridə qoyub.
Yarış Ambacoqay şəhərində keçirilən bayram tədbirləri çərçivəsində təşkil olunub.
Ramabay qazandığı bütün pul mükafatını iki qızının təhsil haqqına xərcləməyi planlaşdırır.
Qadının hekayəsi Hindistanın kənd ərazilərində idmana çıxış imkanları ilə bağlı problemlərə diqqət çəkib və ana əzminin nümunəsinə çevrilib.

