India Today-in məlumatına görə, Hindistanın Haryana ştatının Faridabad şəhərində 21 yaşlı şəxsin uzun müddət təqib etdiyi məktəb müəlliməsini qətlə yetirdiyi bildirilir.
Polis araşdırmasına görə, Amit adlı şəxs evli və iki uşaq anası olan özəl məktəb müəlliməsi Sandhya Sharmaya maraq göstərib. Qadının onu rədd etməsinə baxmayaraq, şübhəli təxminən iki il ərzində müəlliməni izləməyə davam edib.
Hadisə günü məktəbin qarşısına gələn şəxs müəlliməni həyat yoldaşının adından çağıraraq binadan çıxarıb. Qadın çölə çıxdıqdan sonra ona bıçaqla hücum edilib. Hadisənin təhlükəsizlik kameraları tərəfindən qeydə alındığı bildirilir.
Araşdırma zamanı hücumun ani olmadığı, əvvəlcədən planlaşdırıldığı müəyyənləşdirilib. Polisin məlumatına görə, şübhəli hücumda istifadə etdiyi bıçağı təxminən iki ay əvvəl alıb.
Müəllimənin həyat yoldaşı daha əvvəl edilən şikayətlərə baxmayaraq, lazımi tədbirlərin görülmədiyini deyərək polisi ittiham edib:
“Polis vaxtında hərəkət etsəydi, o, bu gün həyatda olardı”.
Hadisə Hindistanda qadınların təqib edilməsi və onlara qarşı zorakılıqla bağlı müzakirələri yenidən gündəmə gətirib.

