Bağırsaq mikroflorasının tərkibinə təsir göstərmək gələcəkdə yaşlanma ilə bağlı dəyişiklikləri ləngitməyin və sağlam həyat müddətini uzatmağın yeni üsullarından birinə çevrilə bilər.
Araşdırmanın nəticələri “Nature Aging” elmi jurnalında dərc olunub.
Alimlər bir neçə yetkin insan qrupunun məlumatlarını təhlil edərək müəyyən ediblər ki, Bifidobacterium pseudocatenulatum adlı bağırsaq bakteriyasının miqdarı yaş artdıqca həm qadınlarda, həm də kişilərdə nəzərəçarpacaq dərəcədə azalır.
Bu bakteriyanın səviyyəsi daha yüksək olan insanların bağırsaq mikrobiomu daha gənc bioloji yaş göstəriciləri ilə əlaqələndirilib, həmçinin onlarda bəzi sağlamlıq göstəricilərinin daha yaxşı olduğu müəyyən edilib.
Tədqiqatçılar hesab edirlər ki, bu təsir bakteriyanın istehsal etdiyi 5-AVAB adlı maddə ilə əlaqəli ola bilər. Bu maddənin səviyyəsinin də yaş artdıqca azaldığı aşkarlanıb.

Yaşlı siçanlar üzərində aparılan təcrübələrdə 5-AVAB verilməsi yaddaşın və hərəkət koordinasiyasının yaxşılaşması, bəzi davranış göstəricilərində müsbət dəyişikliklər, həmçinin ürək, qaraciyər, ağciyər, böyrəklər, əzələlər və digər orqanlarda xroniki iltihabın azalması ilə nəticələnib. Oxşar təsirlər bakteriyanın özünün verilməsi zamanı da müşahidə olunub.
Müəlliflər hesab edirlər ki, gələcəkdə bu faydalı bakteriyanın və ya onun istehsal etdiyi maddənin səviyyəsinin bərpası yaşlanma ilə bağlı dəyişikliklərin ləngidilməsinə yönəlmiş üsullardan biri ola bilər.
Lakin alimlər vurğulayırlar ki, bu təsirlə bağlı əsas sübutlar hələlik heyvanlar üzərində aparılmış təcrübələrdən əldə edilib.

