Dünyanın ən yaşlı qadını hesab olunan Mariya Branyas Morera 117 il yaşayıb və onun bioloji yaşı faktiki yaşından xeyli aşağı olub.
Econews nəşrinin məlumatına görə, onun üzərində aparılan genişmiqyaslı tədqiqatda maraqlı nəticələr ortaya çıxıb.
2024-cü ilin avqustunda yuxuda vəfat edən qadının orqanizmi beynəlxalq alimlər qrupu tərəfindən araşdırılıb. Tədqiqatçılar onun genomunu, metabolik göstəricilərini, bağırsaq mikrobiomunu və epigenetik “saatlarını” təhlil ediblər.
Araşdırmada o, M116 kimi qeyd olunub. Yaşının çox olmasına baxmayaraq, onda onkoloji, neyrodegenerativ və ciddi ürək-damar xəstəlikləri qeydə alınmayıb.
Ən diqqətçəkən məqamlardan biri telomerlərlə bağlı olub. Onlar çox qısa olsa da, bu vəziyyət xəstəliklərə səbəb olmayıb.
“Telomerlərin qısalması bu halda xəstəlik faktoru deyil, daha çox bioloji saat rolunu oynaya bilər”, — deyə tədqiqatçılar bildirir.
Qadının qanında həmçinin mutasiyalı hüceyrələrin artması ilə xarakterizə olunan klonal hematopoez müşahidə edilsə də, bu da xəstəliklərə gətirib çıxarmayıb.
Genom analizində minlərlə nadir genetik variant aşkar edilib. Onların bir hissəsi immun sistemi, beyin qorunması, ürək fəaliyyəti və hüceyrə enerjisi ilə bağlı olub.
Metabolik analizlər isə göstərib ki, qadında pis xolesterin və trigliseridlər çox aşağı, yaxşı xolesterin isə yüksək səviyyədə olub. Eyni zamanda xroniki iltihab göstəriciləri aşağı qalıb.
Onun bağırsaq mikrobiomu da fərqli olub. Xüsusilə yaş artdıqca azalan, lakin sağlamlıq üçün vacib olan Bifidobacterium bakteriyaları yüksək səviyyədə qeydə alınıb. Qeyd olunur ki, qadın gündə təxminən üç dəfə yoqurt istehlak edirmiş.
Epigenetik analizlər göstərib ki, onun bioloji yaşı faktiki yaşından təxminən 20 il daha gənc olub.
Alimlər bu halı “ikili qocalma fenomeni” adlandırır — yəni yaş əlamətləri ilə sağlam orqanizm xüsusiyyətlərinin eyni vaxtda mövcudluğu.
Eyni zamanda vurğulanır ki, bu nəticələr tək bir insan üzərində aparılan tədqiqatdır, lakin aşağı iltihab səviyyəsi, balanslı metabolizm və sağlam mikrobiomun uzunömürlülüklə əlaqəsi digər elmi məlumatlarla da üst-üstə düşür.

