Böyük Britaniyada yaşayan Artur Plammer 80 yaşında ağır xəstəlik səbəbindən əlil arabasına möhtac qalsa da, həyatına daxil etdiyi bir vərdiş sayəsində yenidən yeriməyə başlayıb. İndi 92 yaşı olan kişi ildə minlərlə kilometr velosiped sürür və yaşına baxmayaraq, aktiv həyat tərzini davam etdirir.
“The Guardian” nəşrinin məlumatına görə, Plammerə 80 yaşında revmatik polimialgiya diaqnozu qoyulub. Bu iltihabi xəstəlik əzələlərdə ağrı və sərtliyə səbəb olaraq onun hərəkət qabiliyyətini ciddi şəkildə məhdudlaşdırıb.
“Evin qarşısında əlil arabasında otururdum. İnsanlar yanımdan ötüb keçirdilər, mən isə özümü tələyə düşmüş kimi hiss edirdim”, – deyə o, həmin günləri xatırlayıb.
Həyatını dəyişən vərdiş
Artur Plammer çətin günlərində bir vaxtlar sevdiyi məşğuliyyəti – velosiped sürməyi xatırlayıb. O, yenidən velosipedə minməyi bacarıb və tədricən müntəzəm şəkildə sürməyə başlayıb.
Velosiped sürmək onun ayaq əzələlərini gücləndirməsinə və yenidən müstəqil hərəkət etməsinə kömək edib.
Hazırda Plammer piyada hərəkət edərkən həyat yoldaşı və dostları ilə ayaqlaşmaqda çətinlik çəksə də, velosipedlə hər il minlərlə kilometr məsafə qət edir.
Yaşlı kişi fiziki aktivliyin ona verdiyi enerjidən danışarkən bunları söyləyib:
“O qədər enerjiliyəm ki, özüm də buna inana bilmirəm. Ümid edirəm, həyatımın son gününü də velosiped üzərində qarşılayacağam”.
Onun hekayəsi yaşlı dövrdə fiziki aktivliyin və sevilən məşğuliyyətlərin həyata necə müsbət təsir göstərə biləcəyini nümayiş etdirir.

